Mercury ERP

Anbar uçotu

Anbar uçotu

Anbar anlayışı 

Anbar haqqında düşündüyümüz zaman ağlımıza aralarında mal yükləyənlərin gəzdiyi stellajların olduğu nəhəng məkan obrazı və yükləməni və ya boşaltmanı gözləyən yük maşınlarından ibarət növbələr gəlir. Lakin bu, həmişə belə olmur. Anbar ərzaq mağazası da, zavoddakı konveyer də, təbii qaz dolu qazholder də, neft anbarındakı çən də ola bilər. İdarəetmə uçotunda anbar dedikdə, malların, xammalın, ehtiyatların, yəni şirkətin fəaliyyətində istifadə olunan bütün maddi dəyərlərin saxlandığı yer nəzərdə tutulur. 

Anbar istənilən ticarət və ya istehsal şirkətində mövcud olur, şirkət onun olmadığından əmin olsa belə. Şirkət “təkərlərin üstündə” ticarətlə məşğul olursa və mal ehtiyatı saxlamırsa da, onun yenə də anbarı olur, virtual olsa belə. Bu anbarda qalıqlar saxlanmaya bilər, lakin anbara daxil olur və oradan çıxır. 

Şirkətdə anbar uçotunun əhəmiyyətini qeyd etməmək çətindir. Axı bütün qalan modullar anbar məlumatlarına əsaslanır. 

Anbar uçotu şirkətdə bütün idarəetmə uçotunun bünövrəsidir. Bu mövzunu mənimsəmədən növbəti bölmələrə keçmək olmaz. Buna görə mən kitabı buna həsr olunmuş fəsillə başlayıram. 

Anbar uçotunun cavab verdiyi əsas suallar bunlardır: 

Hansı mal və hansı miqdarda gəlib? 

Mal hansı miqdarda və hara gedib? 

Nə qədər mal qalıb? 

Anbarda hansı malın daxil olması və ya yüklənməsi gözlənilir? 

Əlbəttə ki, bu, tam siyahı deyil. Onu “Keçən yeni ildən qabaq anbarda nə qədər şampan var idi?”, “Ehtiyatlarımızın həcmi və dövriyyəsi nə qədərdir?” və, bu və ya digər qaydada əmtəə dövriyyəsi ilə əlaqədar olan digər suallarla tamamlamaq olar. 

Partiya uçotu. 

Partiya uçotu hər bir mal partiyasının ayrılmış qaydada nəzərə alındığı mal ehtiyatı uçotu üsuludur. 

Mühasibat uçotunda mal qalıqlarının partiya uçotu nadir hallarda istifadə edilir. Bir çox halda mühasiblərə anbarda hansı məbləğdə mal qalıqlarının olduğunu bilmək kifayət edir.   Bu cür uçot, “məbləğli” uçot adlanır. 

İdarəetmə uçotunda isə malın qalıqları yalnız ad kəsiyində deyil, onların aid olduğu və ya komplektləşdirdiyimiz partiya kəsiyində də lazım olur. Eyni malın müxtəlif partiyaları üçün müxtəlif satış qiyməti təyin edilməlidir, onların istifadə müddəti müxtəlif ola bilər, həmçinin, onlar anbarın müxtəlif hissələrində saxlana bilər. 

Mercury ERP-də, digər idarəetmə proqramlarında olduğu kimi, məhz malların partiya uçotu reallaşdırılıb. Həm də onun ən ciddi realizasiyasında. Bütün əmtəə dövriyyəsi sənədlərində mütləq malın hansı partiyadan satıldığı və ya hansı partiyaya mədaxil edildiyi barədə məlumat olmalıdır.